"Biz “Lex”ik və bunun öhdəsindən gəlməliyik": “Lex”in məşqçisi
ESTAFET/ “Kimlə oynamağımızdan asılı olmayaraq, biz “Lex”ik və bunun öhdəsindən gəlməliyik. Bu düşüncə ilə meydana çıxacağıq. Hədəfimiz təbii ki, növbəti mərhələyə yüksəlməkdir”.
Bunu “Lex”in məşqçisi Matsey Kendjyorek Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibət bildirərkən deyib.
Poznan klubunun rəsmi saytına açıqlama verən baş məşqçi Matsey Skorjanın köməkçisi Azərbaycan təmsilçisinin heyətində iki oyunçunu fərqləndirib: “Rəqibimiz ən yaxın izləyicisi üzərində 19 xallıq fərqlə növbəti dəfə Azərbaycan çempionluğunu qazandı. Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 oyun sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borqes və seneqallı İbrahim Vadjidir. Yaxın müddətdə onları daha ətraflı təhlil edəcəyik”.
42 yaşlı mütəxəssisin fikrincə, ilk matçın Polşada keçirilməsi onların əleyhinə yox, lehinədir: “Əvvəllər cavab matçını evdə keçirmək yaxşı hal idi. Səfər qolu üstünlüyü qaydası qüvvədə olanda belə idi. İndi buna daha geniş baxmaq lazımdır. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Superkubokunda “Rakuv”la oyunumuz olacaq. Bu baxımdan səfərin olmaması bizim üçün yaxşıdır. Amma hər şeyə meydançada aydınlıq gələcək”.
Matsey Kendjyorek Bakıda isti havada oynamağa hazır olacaqlarını əlavə edib: “Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi aspektinə də hazırlaşacağıq. Bunu necə asanlaşdırmaq barədə artıq müəyyən fikrimiz var”.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də və ya 6-da Poznanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. (apasport)