AÇ-dən 4 medal
ESTAFET/ İyunun 15-dən 19-dək İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında tamaşaçılar 39 ölkədən 286 gimnastın biri-birindən maraqlı və gərgin mübarizəsinin şahidi oldular. Bu qitə çempionatı Azərbaycan komandası üçün 4 bürünc medalla yadda qaldı.
Komandanın aktivinə ilk medalı gənclər arasında Kamila Qafarova yazdırdı. Hakimlərdən 28.550 xal alan Kamila gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı.
Yarışın növbəti günü qrup hərəkətləri üzrə yığma komandanın üzvləri bizə daha bir medal qazanıblar. Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medal qazandı.
Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdirdilər. Qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki medal əlavə etdi. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal qazanmağa müvəffəq oldular.
Fərdi növdə ölkəmizi təmsil edən yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova finalda çıxış etsələr də, hakimlərdən aldıqları xallar mükafatçılar sırasına düşmək üçün yetərli olmadı. Zöhrə Ağamirova finalda gürzlərlə 6-cı, topla 8-ci pillədə qərarlaşdı. Arzu Cəlilova isə həlledici mərhələdə lentlə çıxışını 8-ci pillədə başa vurdu.