Azərbaycanı V İslam Həmrəyliyi Oyunlarında 8 paralimpiyaçı təmsil edəcək

02 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın milli komandasının tərkibinə daxil edilən paralimpiyaçılar ilə görüş keçirilmişdir.

Görüşdə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev, icraçı direktorun müavini-idman şöbəsinin müdiri Rauf Mürsəlov və MPK-nin  əməkdaşları iştirak ediblər.

Komitə prezidenti İ.Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını, yerli və beynəlxalq təlim-məşq toplantılarında, turnirlərdə iştirak etdiklərini diqqətə çatdırıb. O, idmançıların Türkiyədən yüksək nəticə ilə qayıdacağına əmin olduğunu bildirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitə prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib. İ.Rəhimov bildirib ki, ölkəmizdə Paralimpiya hərəkatının inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə paralimpiya hərəkatına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Daha sonra  Komitə prezidenti İlqar Rəhimov idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq yarışda onlara uğurlar arzulayıb.

V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi idmanın 4 növündə (atletika, üzgüçülük, kamandan oxatma, stolüstü tennis) 8 idmançı təmsil edəcək. Atletlərimizin 5-i kişi və 3-ü qadındır.

Qeyd edək ki, Konya 2021 V İslam Həmrəyliyi Oyunları 09-18 avqust 2022-ci il tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcəkdir. Azərbaycan Milli Paralimpiya komandası avqustun 8-i Türkiyəyə yola düşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV