Azərbaycan Üzgüçüləri Su idman növləri üzrə Avropa çempionatında və İslam Oyunlarında güclərini sınayacaqlar
Azərbaycanın Üzgüçülük üzrə milli komandasının üzvləri iki mötəbər yarışda güclərini sınayacaqlar. Bu barədə məlumatı üzgüçülük federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə idmançılarımız Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında İtaliyanın Roma şəhərində avqustun 11-dən 17-dək təşkil olunacaq Su idman növləri üzrə üzrə avropa çempionatında güclərini sınayacaqlar.
“Avqustun 11-də, yarışların ilk günündə Ramil Vəlizadə 50 metr batterflyay üsulunda, Məryəm Şeyxəlizadəxangah isə 100 metr kroy üsulunda mübarizələrə qatılacaqlar. Bu yarışlardan dərhal sonra hər iki idmançı Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında Milli komandaya qoşulacaqlar” deyə Məqsəd Rəhimov əlavə edib.
Mətbuat Xidmətinin rəhbəri onu da qeyd edib ki, milli komandamız İslam oyunlarına geniş tərkibdə yollanıb. Hazırda məşqçi Rəşad Əliyevlə birgə digər üzgüçülərimiz Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihad Yusibov, Fatimə Alkərəmova, Selcan Əbdürəhmanlı, Aysel Səfərova, Ayan Kələntərova, İlahə Rəciyeva Konya şəhərindədirlər və yarışlara hazırlaşırlar. Üzgüçülük üzrə mübarizə avqustun 13-dən başlayır və Ramil Vəlizadə 100 metr batterflyay üsulunda gücünü sınayacaq.