Qaradağ gəncləri üçün Respublika Velotrekinə infotur təşkil olunub

Avqustun 11-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən Respublika Velotrekinə gənclər üçün növbəti infotur təşkil olunub.

Bu dəfə Qaradağ Gənclər Evinin üzvləri idman qurğusu ilə yaxından tanış olublar. 20-dək gəncin iştirak etdiyi tur zamanı Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman velosiped idman növü, təhlükəsizlik qaydaları, həmçinin Azərbaycan Velosiped Federasiyasının fəaliyyətindən danışıblar. Daha sonra gənclər yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar.

Onlar peşəkar idmançıların məşqlərini izləyib, mütəxəssislərin nəzarətində velosiped sürüblər.

Gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırıldıqdan sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, müxtəlif gənclər təşkilatlarının üzvləri üçün Respublika Velotrekinə davamlı olaraq infoturlar təşkil olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV