"Gənclərin innovasiya yay düşərgəsi"si başa çatıb
Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Gənclərin innovasiya yay düşərgəsi”si başa çatıb.
Düşərgənin proqramına əsasən “Smart şəhər: Dörd əsas texnologiya”, “Elm və təhsildə innovativ texnologiyalar”, “Mexatronika və machine learning”, “Simulyasiya proqramları”, “müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi”, “Robototexnika” “Alternativ enerji mənbələri”, “Suni intellekt”, “Hədəflərimizə doğru addımlayaq”, “Mənim uğur hekayəm” təlimləri, “Breyn ring” intellektual-əyləncəli oyunu, şahmat, üzgüçülük, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.
Düşərgə müddətində 44 Günlük Vətən müharibəsinin iştirakçıları İbrahimli Namiq, Abuşov Elman, Abdullayev Abdullanın gənclərlə görüşü təşkil edilib. Vətən müharibəsi iştirakçıları və gənclər arasında səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.
Qeyd olunmuş tarixlərdə düşərgədə təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyələr təqdim edilib.