Suraxanı gəncləri Respublika Velotreki ilə tanış olublar
Avqustun 16-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Bakının Suraxanı rayonunun gəncləri üçün Respublika Velotrekinə infotur təşkil edilib. Suraxanı Gənclər Evinin 20-dək üzvü idman qurğusu ilə yaxından tanış olub.
İnfotur zamanı Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman velosiped idman növü, təhlükəsizlik qaydaları, həmçinin Azərbaycan Velosiped Federasiyasının fəaliyyətindən danışıblar.
Gənclər yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olub, peşəkar idmançıların məşqlərini izləyib, mütəxəssislərin nəzarətində velosiped sürüblər.
Daha sonra mütəxəssislər onları maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.