Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib
Avqustun 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının böyük akt salonunda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib.
Qurultayda Milli Məclisin deputatları, səfirlik nümayəndələri, QHT sektorunun rəhbərləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə alpaqut turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov çıxışı zamanı 2014-2022-ci illər ərzində Azərbaycan Alpaqut Federasiyasının əldə etdiyi uğurlardan və görülən işlərdən danışıb.
Dünya Alpaqut Federasiyasının idarə heyəti üzvlərinin yeni tərkibi elan edilib.
Qurultayda Vasif Namazov idarə heyətinin sədri, Milli Məclisin deputatları Jalə Əhmədova federasiya prezidenti, Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezidentlər, Fərid Əlizadə baş katib seçiliblər. Dünya Alpaqut Federasiyasının digər strukturlarına rəhbərlərin yaxın günlərdə təyin olunacağı ilə bağlı qərar verilib.
Bundan əvvəl federasiyanın prezidenti Milli Məclisin deputatı Nizami Cəfərov, birinci vitse-prezidenti isə Qənirə Paşayeva idi. Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçiliblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Jalə Əhmədova, Könül Nurullayeva, Tamam Cəfərova, alpaqut döyüş sənətinin yaradıcısı Vasif Namazov, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri çıxış edərək gələcəyimiz olan gənc nəslin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayan bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, xalqımız ölkəmizin gələcəyi olan vətənpərvər, savadlı, məsuliyyətli, mübariz gənclərlə fəxr edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin böyük əzmkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır.
Federasiyanın Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.
"Alpaqut" sözünün mənası "müqəddəs döyüşçü" deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.