“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının əsas mərhələsində yeni mövsümün startı ərəfəsində turnirin ümumi cədvəli açıqlanıb.
Siyahıda 2009-cu ildən indiki adla təşkil olunan yarışın əsas mərhələsinin nəticələri əksini tapıb.
Azərbaycanın üç komandası Avropanın ikinci dərəcəli klub turnirində oynayıb. 7-ci dəfə yarışa qatılacaq “Qarabağ” ən yaxşı təmsilçimizdir.
Texniki nəticənin ümumiyyətlə nəzərə alınmadığı cədvəldə Qurban Qurbanovun yetirmələri 91-cidir. 6 mövsümdə 35 matça çıxan komanda 6 qələbə qazanıb, 8 heç-heçə edib və 21 dəfə məğlub olub. 28 qol vuran təmsilçimiz 59 top buraxıb. Qələbəyə görə iki xal prinsipinin əsas götürüldüyü cədvəldə ağdamlıların 20 xalı var.
3 xalı olan “Neftçi” 197-ci yerdədir. Yeganə mövsümündəki 6 oyunda 3 heç-heçə və 3 məğlubiyyəti olan bakılılar top fərində geridədir – 4:8.
2 mövsümdə 12 matç keçirən “Qəbələ” 2 xalla 20 pillə geri qalır. 2 heç-heçə və 10 məğlubiyyəti olan komanda 7 qol vurub, 26-nı buraxıb.
Qeyd edək ki, cədvələ “Vilyarreal” başçılıq edir – 118 xal. “Sevilya”nın 102, “Zalsburq”un 91 xalı var.