Millinin 4 üzvü Avropa çempionatında mübarizəyə başlayır

ESTAFET/ İtaliyanın Kalyari şəhərində təşkil olunan paralimpiyaçı cüdoçuların Avropa çempionatında bu gün Azərbaycan millisinin son dörd üzvü tatami üzərinə çıxacaq.

Kişilərin 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu İlham Zəkiyev (J1) mübarizəyə 1/4 finaldan qoşulacaq. O, bu mərhələdə moldovalı İon Basok ilə üz-üzə gələcək. 

Bakı-2015 I Avropa Oyunlarının bürünc medalçısı Zakir Mislimov (90 kq, J1) 1/8 finalda Adnan Kuyoviç (Monteneqro) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadın cüdoçularımız - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi Dürsədəf Kərimova (+70 kq, J2) və Xatirə İsmiyeva (+70 kq, J1) isə iştirakçı sayı az olduğundan dairəvi sistem üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, qitə çempionatının ilk yarış günündə Namiq Abbaslı (73 kq, J2) və İsmayıl Muradov (60 kq, J1) bürünc medallara sahib olublar.

Müəllif: Natiq NƏSİROV