Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Milli Olimpiya Komitəsində 7 sentyabr -Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib.

MOK-un həyətində keçirilən tədbirdə qeyd olunub ki, Ümumdünya Fair Play Günü idmanda ədalətli oyunu və etik dəyərləri təşviq etmək üçün nəzərdə tutulmuş idman təşəbbüsüdür. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev qeyd edib ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqda məlumat paylaşır. Daha sonra “Spirit of Fair Play” beynəlxaql foto müsabiqənin nominantları, fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri  Xəzər İsayev  “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.  Qeyd olunub ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası çərçivəsində adıçəkilən Komitənin təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu mkafatla təltif olunub. Çingiz Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələrin qurulması istiqamətində gördüyü bir sıra mühüm işlərə görə layiq görülüb. Azərbaycanın və dünya idmanının inkişafında bir sıra xidmətləri olan Çingiz Hüseynzadənin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib.

Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə öz çıxışında bildirib ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Ədalətli oyunlar Komissiyası hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir. Bundan başqa gənc nəslin diqqətini cəlb etmək məqsədilə də bir sıra  tədbirlər keçirilir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası,  Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memarandum imzalanıb. Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər.

Müəllif: Bəhruz MƏMMƏDOV