Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” sənədli filmləri silsiləsinin bölgələrdəki nümayişi davam edir.

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmin növbəti nümayişi Mingəçevir şəhərində baş tutub. Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Olimpiya çempionu Toğrul Əsgərov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayilov, London-2012 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, MOK nümayəndələri çıxış ediblər.

Qeyd olunub ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi Lənkaran, Bərdə və paytaxt Bakıda da baş tutacaq.

MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayilova təqdim olunub. Daha sonra London-2012 Yay Olimpiya Oyunlarında güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərova həsr olunan “ƏrToğrul” filmi  izlənilib. . Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Mingəçevir Dövlət Universitetində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  sertifikatları təqdim olunub.

Qeyd edək ki, 5-28 sentyabr tarixlərində Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində "Azərbaycanın Olimpiya Odisseyası" adlı layihə yenidən start götürüb. Ölkəmizin bölgələrində baş tutan layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV