Azərbaycan Cüdo Federasiyasının prezidenti gənclərdən ibarət milli yığmanın üzvləri ilə görüşüb
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev gənclərdən ibarət Azərbaycan milli yığma komandasının idmançıları, məşqçi və tibbi-dəstək heyətini qəbul edib.
R.Nəbiyev 15-18 sentyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında cüdoçuların əldə etdikləri uğurlara görə onları təbrik edib.
O, komandamızın fərdi yarışlarda əldə etdiyi 3 qızıl, 1 gümüş və 1 bürünc medalı və medal sıralamasında gənc oğlanlar arasında birinci yerin əldə edilməsini yüksək nəticə kimi dəyərləndirib.
R.Nəbiyev bildirib ki, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, gənclərin Avropa çempionatında qarışıq komanda yarışında medal əldə edilib. O, ilin əvvəlindən etibarən Azərbaycan milli yığmalarının qatıldıqları bütün komanda yarışlarında medal qazanmalarının Azərbaycanda cüdonun inkişaf səviyyəsinin önəmli göstəricisi olduğunu vurğulayıb.
R. Nəbiyev qeyd edib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. O, gənc cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.