Bərdə rayonunda yeniyetmə və gənclərə "Qızıl Sidney" filmi təqdim olundu

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Namiq Abdullayev haqqında çəkilmiş “Qizil Sidney” filminin Bərdə şəhərində nümayişi gerçəkləşdirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Isayev bildirib ki, bu gün uşaq, yeniyetmə və gənclər arasında aparılan bu təbliğat işləri, onların vətənpərvərlik ruhunda tərbiyə almaları üçün vacibdir. Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etməklə onların milli ruh və qürur hissini formalaşdıran insanları yaxından tanımalarına imkan yaradılır. Onun sözlərinə görə, Azərbaycan himnini səsləndirən, bayrağımızı yüksəkliklərə qaldıran Olimpiya çempionlarımızı tanımaq gənclərimiz üçün unudulmaz xatirə olaraq qalacaq.

MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə təqdim olunduqdan sonra Sidney-2000 Yay Olimpiya Oyunlarının güləş üzrə Olimpiya çempionu Namiq Abdullayevə həsr olunan “Qızıl Sideny” filmi izlənilib. Tədbir zamanı Olimpiya çempionu Namiq Abdullayev görüş iştirakçılarınn suallarını cavablandırıb. Bərdə Rayon İcra Hakimiyyətinin akt zalında  keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  sertifikatları təqdim olunub.

Qeyd edək ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi, Oğuz və Sumqayıtda da baş tutacaq.  Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə, MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV