"Üzgüçülük hamı üçün" adlı yeni, böyük bir idman layihəsi işə düşəcək
Azərbaycan Üzgüçülük Federasiyasının xətti ilə regionlarda olimpiya komplekslərində çalışan üzgüçülük üzrə məşqçilərə hakimlik seminarı keçirilib. Federasiyanın mətbuat xidmətinin məlumatına görə seminarın məqsədi beynəlxalq hakimliyin qaydalarını izah etməkdir ki, həmin məşqçilər də yerlərlə o qaydalara uyğun olaraq idmançılarını hazırlasınlar. Mingəçivir şəhər Kür Olimpiya İdman Tədris kompleksində təşkil olunan seminarda 34 idman kompleksindən 50-ə yaxın məşqçi iştirak edirdi. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət keçirildi.
Seminarın təlimçisi Azərbaycan Üzgüçülük Üzrə Milli Komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov təlimlərin yaxın zamanlarda ölkəmizdə keçirələcək böyük üzgüçülük yarışlarının təşkil olunmasında böyük rolu olacağını vurğulayıb:
“Yaxın vaxtlarda Azərbaycanın bütün bölgələrini əhatə edəcək “Üzgüçülük hamı üçün” adlı yeni, böyük bir idman layihə işə düşəcək. Layihəyə uyğun olaraq bütün regionlarda eyni vaxtda, eyni zamanda üzgüçülük yarışlarının başlanması və canlı olaraq yayımlanması nəzərdə tutulur. Bu səbəbdən də bölgələrdə çalışan məşqçıləri bir yerə toplayaraq yarış haqqında ümumi məlumat verdik və yarışın keçirilməsi, beynəlxalq hakimliyin qaydaları barədə təlim keçdik.
Ümidvarıq ki, Gənclər və İdman Naziri Fərid Qayıbovun təşəbbüsü olan “Üzgüçülük hamı üçün” adlı layihənin yarışları start götürənədək məşqçilər yerlərdə öz idmançılarını bu böyük layihəyə hazırlaya biləcəklər və bu layihə Azərbaycanda üzgüçülüyün inkişafına böyük təkan verəcək” deyə R. Əbdürrəhmanov əlavə edib.