Millimiz Hindistana uduzdu, Polşa ilə “sülh bağladı”
ESTAFET/ Şahmat üzrə Azərbaycan milli komandası İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun 3-cü turunda Hindistan seçməsi ilə üz-üzə gəlib.
Bu görüş rəqibin qələbəsi ilə başa çatıb – 2,5:1,5. 4-cü turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması sülhə razılaşıb - 2:2.
Xatırladaq ki, yığmamız ilk yarış günündə Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələmişdi. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.