Uşaq və gənclər arasında şahmat üzrə ölkə çempionatına yekun vuruldu

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə keçirilən şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Zuğulba tədris idman bazasında təşkil edilən yarışın bağlanış mərasimi keçirilib. Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov və Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) ən çox xal toplamaqla birinci yeri tutub.

Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb. Qeyd edək ki, yarışda ümumilikdə 136 şahmatçı mübarizə aparıb.

Müəllif: Natiq NƏSİROV