Azərbaycan çempionatına start verildi

ESTAFET/ Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.

"AHF Arena"da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.

Görüşün favoriti sayılan son ölkə çempionu fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə bitib.

Günün ikinci matçında “Azərsu” U-16 ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə qazanıb - 22:10.

İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” U-16 komandasına 30:15 hesabı ilə qalib gəlib.

Müəllif: Zaur HACIYEV