"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə (25 noyabr) həsr olunmuş veloyürüş keçirilib.

“Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında baş tutan veloyürüşdə Binəqədi Gənclər Evi, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər iştirak ediblər.

40-a yaxın velosipedçinin qatıldığı yürüşə “Azneft” dairəsindən start verilib.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında veloyürüşü başa vurublar.

Veloyürüşdən sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV