"Vugar Gashimov Memorial-2022" superturnirinin daha iki iştirakçısı müəyyənləşib
Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturnirinin daha iki iştirakçısı müəyyənləşib.
Turnirin mətbuat xidməti xəbər verir ki, superturnirdə hindistanlı Qukeş Dommaracu və yerli şahmatçı Aydın Süleymanlı mübarizə aparacaqlar.
2012-ci məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan Q.Dommaracu 12 yaşında qrosmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrosmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb.
Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi olan A.Süleymanlı isə 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kuboku yarışında bürünc medala sahib olub. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub
Daha əvvəl turnirdə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı açıqlanmışdı.
On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.