Rauf Məmmədov: "Vugar Gashimov Memorial-2022" maraqlı idman mübarizəsi vəd edir
“Vugar Gashimov Memorialı”nın 2022-ci ildə də keçirilməsi çox sevindiricidir. Səkkizinci dəfə təşkil olunacaq superturnirdə də titullu və tanınmış şahmatçılar mübarizə aparacaqlar. Rəqiblərimə ciddi yanaşır, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidədən deyə bilərəm.
Bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək üçqat Avropa çempionu, “Vüqar Həşimov” komandasının heyətində Avropa kuboku yarışında bürünc medal qazanan Rauf Məmmədov deyib.
Qrosmeyster Vüqar Həşimovun Azərbaycan şahmat tarixində əvəzsiz xidmətlərindən danışarkən deyib: “Həm memorialda, həm də “Vüqar Həşimov” klubunun heyətində çıxış edərkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub”.
Cari turnirdə əsasən gənc şahmatçıların çıxış edəcəyini deyən Rauf Məmmədov bildirib ki, heyətdə dünya, Avropa çempionatlarının və Olimpiadanın qalibləri yer alıb. Yarış mürəkkəb olacaq və şansımı normal qiymətləndirirəm. Ümumilikdə dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layqincə çıxış edir və mükafatçılar sırasında yer alırlar.