"Vugar Gashimov​ Memorial-2022"nin birinci gününə yekun vurulub

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub. ​

Turnirin mətbuat xidməti xəbər verir ki, turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq.

Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi ​ Nodirbek Abdusattorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib.

İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusattorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəyliyə qalib gəlib. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib.

Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıb. A.Sülymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub.

Hesabında 6 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.

Dekabrın 19-da növbəti 3 turun oyunları keçiriləcək.

Müəllif: Natiq NƏSİROV