"Ekoloji turizm" və ya "Təbiət turizmi" anlayışları

ESTAFET/ “Ekoloji turizm” termininin müxtəlif ədəbiyyatlarda tez-tez səslənməsinə baxmayaraq, onlardan yalnız bəziləri terminin izahını verir. Ekoloji turizmin ilk tərifini meksikalı iqtisadçı-ekoloq Hektor Seballos-Laskureyn 1980-ci ildə vermişdir. Onun fikrincə, ekoloji turizm – səyahətin, təbiətə ekoloji həssas münasibətlə qovuşması nəticəsində əmələ gələn və səyahət və eyni zamanda flora və fauna nümunələrini öyrənmək sevincini, onları mühafizə etmək imkanı ilə birləşdirmək imkanı yaradan turizm növüdür. İlk tərif yarandıqdan sonra müxtəlif alimlər və təşkilatlar tərəfindən bir sıra təriflər təklif olunmuşdur. Bunlara aşağıdakılar misal ola bilər:
• “Ekoturizm - ekoloji tarazlıq prinsipləri ilə mütənasib həyata keçirilən və özündə ekoloji təhsil və ekoloji məlumatlandırmanı ümumiləşdirən ekologiyaya istiqamətləndirilmiş turizmdir”. Avstraliyanın ekoturizm üzrə Milli Strategiyası, Turizm Departamenti, Kanberra-1992).
• “Ekoloji turizm - təbii resursların qorunmasını yerli əhali üçün sərfəli edərək, ekosistemin bütövlüyünü pozmayan, yerli mədəniyyəti və təbiəti daha dərindən öyrənmək məqsədilə təbii ərazilərə səyahətdir” (Ekoturizm Cəmiyyəti, Ecotourism Society, 1994).
• “Ekoturizm - bu ilk növbədə vəhşi təbiətdə yaşayaraq onu daha dərindən dərk etməyə istiqamətlənmiş və ətraf mühitə minimum təsir göstərərək yerli etnik normaları nəzərə alan, təbiət turizminin ekoloji cəhətdən dayanıqlı formasıdır. Turizmin bu növü adətən ekoloji baxımdan qorunan ərazilərdə yaradılaraq, əldə olunana gəlirlərin təbiətin qorunmasına yönəldilir”. Fennell, D. (1999), Ecotourism, Routledge.
“Ekoturizm – turizmin elə bir sahəsidir ki:
1. təbiiliyi hələ də pozulmayan ərazilərdə baş verir;
2. təbii mühitin nə məhv olmasına, nə də ekoloji tarazlığın pozulmasına gətirib çıxarmır;
3. turizm məqsədilə istifadə olunan ərazilərin qorunmasına və idarə olunmasına öz töhfəsini verir;
4. özünəuyğun şəkildə idarə olunmalıdır”.
Ekoturizmin bir çox izah olunma xüsusiyyətlərinə baxmayaraq onun daha çox istifadə olunanı Ekoturizm Cəmiyyətinin verdiyi tərifdir, lakin bununla bərabər daha sadə tərif də istifadə olunur. “Ekoturizm - təbiətin mühafizəsinə istiqamətlənmiş təbiət turizmidir.” (Ümumdünya Vəhşi Təbiət Fondu, 1990).
Beləliklə, ekoturizmin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o insanı təbiətlə təmasda olmağa stimullaşdırır, mədəni və təbii mühitə mənfi təsirin qarşısını alır və turoperatorları, həmçinin turistləri ətraf mühiti qorumağa və sosial-iqtisadi inkişafın sürətlənməsinə yardım etməyə sövq edir. Bunula da, ekoturizm təbii ərazilərin dayanıqlı inkişafı üçün vacib komponentlərdən birinə çevrilməkdərir. Qeyd etmək lazımdır ki, ekoturizmin əsasında məqsəd ya dayanıqlığa çatmaq ya da bu məqsədə çatmaq üçün vasitələrin inkişaf etdirilməsi durur, məsələn, “mədəni və təbii mühitə təsirin minimizasiyası”, “iqtisadi gəlirlərin təbiətin mühafizəsində maksimum istifadəsi” yaxud da ekoloji təhsinin gücləndirilməsidir. Buna görə də Kreq Lindberq (Lindberg et al., 1998) daha umumiləşdirilmiş və sadə tərif təkif edir: “Ekoturizm – təbiətə istiqamətləndirilmiş dayanıqlı turizm və rekreasiyadır”. Turizmdə isə dayanıqlılıq turizmin ekoloji, sosial-mədəni və iqtisadi təsirlərinin müsbət balansını, həmçinin turislərin bir-birinə xoş təəsüratını ifadə edir.
Müasir ekoturizm təbii resurslardan daha zərərli istifadəsi olan – kənd təsərrüfatı, ovçuluq, yığıcılıq, meşə məmulatlarının hazırlanması, faydalı qazıntıların istifadəsi və s. formalarına alternativdir. Ekoturizmə müasir yanaşma səyahətlərin hansı növləri ekoturizm hesab oluna bilər kimi suala yenidən baxılmağı vacib bilir. Təbii mühitə səyahətlərin təşkilatçılarının özlərinə verməli olduqları əsas sual: mədəni və təbii mühitə bu səyahətlər nə dərəcədə təsir edir və hansı nəticələrə gətirib çıxarır? Əslində, ekoturizmin ayrı-ayrı prinsiplərini həyata keçirən və nəticədə təbii mühiti mühafizəyə istiqamətləndirilməyən turizm ekoturizm sayıla bilməz. Bəzi macəra turlarının iştirakçıları baş çəkdikləri təbiət əraziləri barəsində öz biliklərini artıra bilərlər, lakin bu onların təbii mühitə müsbət təsir edəcəyi demək deyil.
Azərbaycanın bir çox qoruqlarına və milli parklarına əvvəlcədən ekoturist səyahətləri kimi planlaşdırılan gəzintilər çox ciddi çatışmamazlıqlardan ibarətdir. Azərbaycan ekoturizmində maarifləndirilmə təəssüf ki, hələ inkişaf etdirilməmişdir. Adətən ekoturların və ya təbiətə ekskursiyaların əksəriyyəti ekoloji probemlərin müəyyən edilməsi və onların həllində aktiv iştirakı deyil, təbiətin ekzotik “möcüzə” və “gözəlliklərini” müşahidə etməkdən ibarətdir. Ümumiyyətlə, ekoturizmin inkişafı ilə bağlı “tam olaraq müsbət” misallar da çox deyil. Daha çox ekoturizmin bu və ya digər prinsiplərinin reallaşdırılması haqda danışmaq olar. Ekoturizmin turizmin bir çox növləri ilə qarışdıranlar da az deyil. Bunun üçün aşağıdakı sahələrlə tanış olaq.
Təbiətə turizm - (nature tourism, nature-based or nature-oriented tourism) buraya landşaft, relyef, su, bitki və heyvanat aləmini özündə birləşdirən, birbaşa təbii resurslardan istifadəyə yönəldilmiş turizmin bütün növləri aid olunur. Ekoloji turizmdən fərqli olaraq “təbiət turizmi” turistlərin təbiətə gəzintisini təşkil edir və onların təbii mühitə ekoloji, mədəni və iqtisadi təsirini nəzərə almır. Buna görə də təbii resursların bu şəkildə istifadəsi heç də dayanıqlı və ağıllı (ovçuluq və motorlu qayıqlara gəzintiləri qeyd etmək kifayətdir) hesab olunmur.
Ekoturizm - turistlərin fəaliyyətini təşkil edir, gələcək nəsilləri düşünərək, biomüxtəlifliyi qoruyur. Turist maraqlarından başqa ictimai marağı da nəzərə alır. Yerli əhali ilə qarşılıqlı əlaqədə olaraq yerlı əhali üçün daha yaxşı iqtisadi şəraiti yaratmaq ekoturizmin ayrılmaz sahəsidir.
Beləliklə, turoperatorların “ənənə” halını almış təbiətə tur ilə ekoloji tur arasında fərq daha aydın olur. Təbiətə turları təşkil edənlər öz müştərilərinə “nə qədərki məhv olmamışdır” təbiətin bizə bəxş etdiyi ekzotik ərazilərlə və yerli əhalinin mədəniyyəti ilə tanışlığa dəvət edir. Ekoturları təşkil edənlər isə mühafizə olunan ərazilər və yerli əhali ilə qarşılıqlı əlaqədə çalışırlar. Onlar çalışırlar ki, onların biznesi vəhşi təbiətin qorunmasına və yerli yaşayış məntəqələrinin uzunmüddətli inkişafına real gəlir gətirsin. Həmçinin onlar çalışırlar ki, turislər və yerli əhali arasında qarşılıqlı anlaşılmazlıqlar aradan qaldırılsın. Təbiət turizminin müxtəlif sahələri arasında canlı təbiətin hər hansı bir obyektinin maraqlı ola biləcəyi bioturizm (wildlife tourism) və vəhşi təbiətə səyahət (wilderness travel) anlayışlarını da ayırırlar. Bir çox hallarda ekoturizmin macəra turizmi (adventure tourism) ilə də əlaqələndirirlər. Lakin, ekoloji turizm adətən macəralı olmur. Digər tərəfdən isə macəra turizmi heç də həmişə ekoloji kriteriyalara, xüsusən resursların dayanıqlı istifadəsində uyğun gəlmir.
Bu turizm növünün daha yaxşı anlaşılması üçün ekoturistin TIES (The International Tourism Society) tərəfindən formalaşdırılmış 10 qaydası aşağıda göstərilmişdir:
1. Yer kürəsinin həssas olduğunu unutmamaq;
2. Özündən sonra izlər qoyub, yalnız şəkillər aparmaq;
3. Düşdüyün mühiti öyrənmək: xalqların mədəniyyətini, coğrafiyanı;
4. Yerli əhaliyə hörmət etmək;
5. Ətraf mühit üçün təhlükə yaradan istehsalçıların məhsullarını almamaq;
6. Yalnız keçilmiş cığırlarla hərəkət etmək;
7. Ətraf mühitin mühafizəsi üzrə proqramlara qoşulmaq;
8. Mümkün olan hər yerdə ətraf mühitin mühafizəsi metodlarından istifadə etmək;
9. Ətraf mühitin qorunmasına köməklik göstərən təşkilatlarla əlaqələr saxlamaq
10. Ekoturizm prinsiplərini dəstəkləyən şirkətlərin köməyilə səyahət etmək
Bu qaydalar əsasında İngiltərənin "British Airways" aviaşirkətinin müştəriləri üçün aşağıdakı məzmunda yaddaş kitabçası hazırlanmışdır:
- Fil sümüyündən və ya nadir heyvanlardan hazırlanmış analoji məmulatlarə heç vaxt almayın;
- Yerli istehsal olan məhsul və xidmətlərdən istifadə etmək. Beləliklə də Siz yerli əhaliyə gəlir gətirir və yerli iqtisadiyyatın inkişafına öz töhfənizi verə bilərsiniz;
- Heyvanları narahat etməyin və bitkilərə zərər verməyin. Həmişə Sizdən sonra çıxan zibili - butulka, banka, plastik və s. özünüzlə aparın, çünki onlar vəhşi heyvanların ölümünə səbəbə ola bilərlər;
- Mərcan rifləri ilə ehtiyyatlı olun. Yadda saxlayın! Mərcan – canlı orqanizmdir və onu bir toxunuşla zədələmək olar;
- Bir çox ölkələr ətraf mühitin mühafizəsi istiqamətində işlər görürlər. Siz abidələrə, muzeylərə, milli parklara səyahət edərək onlara yardım göstərə bilərsiniz;
- Əgər ətraf mühitin mühafizəsi ilə bağlı problemi ilə qarşılaşmısınızsa, bu problemlə əlaqədar öz fikrinizi irəli sürün;
- Canlı təbiət sakinlərini narahat edib, onların təbii həyat tərzini və yaşayış mühitini pozmayın;
- Qoruq və milli parklarda bitki örtüyünü zədələməmək üçün yalnız yol və şosse ilə hərəkət edin;
- Siqaret çəkərkən ehtiyatlı olun – söndürülməmiş siqaret yanğına səbəb ola bilər
