Ekoloji turizm ehtiyatları

ESTAFET/ Ekoturizmin əsas ehtiyatını təbiət təşkil edir. Belə ki, təbiətin, ətraf mühitin hər bir komponenti maraq obyekti ola və özünə ekoturistləri cəlb edə bilər. Ümumilikdə ekoturizmin müxtəlif növlərini iki əsas tipə bölmək məqsədəuyğundur:


• Qorunan ərazilərin sərhədi daxilində, “vəhşi”, toxunulmamış və ya az təsirə məruz qalan təbiətdə həyata keçirilən fəaliyyət ekoturizmidir. Ekoturizmdə klassik yönümlü turların hazırlanması və təşkili; müvafiq turlar məhdud mənada ekoturlar kimi qəbul edilir, bunları “Avstraliya” və “Şimali Amerika” modelinə aid etmək olar.


• Qorunan ərazilərin sərhədindən kənarda, insan əli tərəfindən abadlaşdırılmış ərazidə və mədəni landşaftda həyata keçirilən ekoturizmdir. Turların bu sinfinə ekolojiyönümlü turizmi-aqroturizmdən başlayaraq komfortlu kruiz turlarını aid etmək olar. Bu tip turlar isə “alman” və ya “qərbi-avropa” modelinə aiddir.


Milli parklar, qoruqlar, UNESCO-nun biosfer qoruqları, mühafizə olunan təbii landşaftlar, təbiət parkları, dövlət təbiət yasaqlıqları, dendroloji parklar və nəbatat bağları və s., bir sözlə - Xüsusi qorunan təbiət əraziləri (XQTƏ) müasir dövrdə ekoloji turizmin inkişafı üçün əsas ehtiyat rolunu oynayır. Xüsusi qorunan təbiət əraziləri tipik və unikal təbii landşaftın, heyvan və bitki aləminin müxtəlifliyinin. Təbii və mədəni irs obyektlərinin qorunması üçün müəyyən olunub. Bütün dünyada mövcud olan XQTƏ-lər öz heyətində ekoloji turizmin bütün istiqamətlərini həyata keçirməyə qadir olan; təbiətdən tükənməz istifadəni, ekoloji maarifləndirməni, yerli əhalinin turizm prosesinə cəlb olunmasını, təbii ərazilərin lazımi mühafizəsini, turistlərin təhlükəsizliyini təmin edən inzibati, elmi, mühafizə və yardımçı strukturlara malikdir.


Təbiətdən qeyri-kommersiya məqsədli istifadə bir tərəfdən istirahət edənlərin ekoloji maraqlarının həyata keçirilməsi və istirahəti üçün tamdəyərli şərait yaradır, digər tərəfdən isə, ətraf mühitə təsiri tənzimləyir və minimallaşdırır.


XQTƏ sistemi (şəbəkəsi) – funksional və ərazi baxımdan bir-birini tamamlayan qorunan ərazilərdir. Bu şəbəkələr regionun təbii fiziki-coğrafi strukturunun nəzərə alınması və təsərrüfat fəaliyyətinin müxtəlif formaları ilə qarşılıqlı əlaqələrini nəzərə alaraq təşkil olunur. Onların əsas məqsədi ətraf mühit şəraitinin qorunması və yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunub saxlanılması əsasında dayanıqlı sosial-iqtisadi inkişafının təminatıdır. Kompleks baxımdan XQTƏ xüsusi dəyəri və spesifik təbiətdən istifadə rejiminə malik olan yer, su səthi və hava məkanını özündə birləşdirən ərazilərdir.


XQTƏ-lərin mövcudluğunun və fəliyyətdə olmağının etik-mənəvi aspekti cəmiyyətin təbiəti yalnız tükənməz nemətlər mənbəyi kimi deyil, həm də həmişə qayğıya və diqqətə ehtiyacı olan “ev”i kimi qəbul etməkdə özünü göstərir. XQTƏ-lər insanların qismən qorunub saxlanmış canlı təbiətə malik olan ərazilərlə birbaşa və dolayı təmasına olan tələbatını ödəyir.


Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.


Misal üçün Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur.


• Göy-göl Dövlət Təbiət Qoruğu
• Qızılağac Dövlət Təbiət Qoruğu
• İsmayıllı Dövlət Təbiət Qoruğu
• Pirqulu Dövlət Təbiət Qoruğu
• Zaqatala Dövlət Təbiət Qoruğu
• İlisu Dövlət Təbiət Qoruğu
• Türyançay Dövlət Təbiət Qoruğu
• Şirvan Dövlət Təbiət Qoruğu
• Bəsitçay Dövlət Təbiət Qoruğu
• Qarayazı Dövlət Təbiət Qoruğu
• Qaragöl Dövlət Təbiət Qoruğu
• Eldar Şamı Dövlət Təbiət Qoruğu
• Şahbuz Dövlət Təbiət Qoruğu
• Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu


Təbiət parkları – xüsusi qorunan təbiət ərazilərinin inkişaf etməkdə olan kateqoriyasıdır. Onlar ilk növbədə, ətraf mühit, növ və landşaft müxtəlifliyinin mühafizəsi, ətraf şərait və ehtiyatların rekreasiya və ənənəvi istifadəsinin, əhalinin ekoloji tərbiyəsinin lazım olan elmi tədqiqat kompleksi və monitorinqinin təşkili məqsədilə yaradılmışdır.


Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə isə Şahdağ Milli Parkları yaradıldı. Hazırda milli parklar ölkə ərazisinin 2,9%-ni təşkil edir.


Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın, Göy göl dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək isə Göy göl milli parkının yaradılması nəzərdə tutulmuşdur. Hirkan Milli Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar torpaqayırma sənədləri işlənib hazırlanır. Eyni zamanda Almaniya Federal Hökümətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmışdır.


• Akademik H.Əliyev adına Ordubad Milli Parkı
• Şirvan Milli Parkı
• Ağ göl Milli Parkı
• Hirkan Milli Parkı
• Altıağac Milli Parkı
• Abşeron Milli Parkı
• Şahdağ Milli Parkı
• Göy-göl Milli Parkı
 

Müəllif: Əli FƏRZƏLİYEV