Böyük Dəbilqə növbəti 4 il Qazaxıstanda

ESTAFET/ Dünya Cüdo Turunun Fransada keçirilən Paris Böyük Dəbilqə yarışının ikinci günündə yeni müqavilə imzalanıb. Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev arasında bağlanan müqaviləyə görə "Dünya Cüdo Turu"nun Böyük Dəbilqə seriyasından olan yarışlarından biri qarşıdakı 4 ildə Qazaxıstana da həvalə olunub. Razılaşmaya görə yarışlar Astana və Alma-Ata şəhərlərində keçiriləcək.  

İmzalanma mərasimində IJF prezidenti Marisu Vizer deyib:

"Hörmətli prezident Yesekeyev, hörmətli KİV nümayəndələri və cüdo ailəsi, mənim üçün bu müqaviləni yeni enerji və texnologiyalar gətirən bir idman ölkəsi ilə imzalamaq böyük şərəf və qürurdur. Qazaxstanda cüdonun böyük tarixi və gənc nəsli var. Onlar hər zaman çoxsaylı tədbirlər keçirməklə IJF və Asiyanı dəstəkləyiblər. Öz gözəl ölkələrində təkcə cüdoda deyil, həmçinin KİV-də ümumi idman mədəniyyəti və dəyərləriə yeni populyarlıq gətirdiyinə görə bu yeni əməkdaşlıq üçün təşəkkür edirəm. Qazaxıstan cüdosuna məhsuldar gələcək arzu edirəm".

Müəllif: Natiq NƏSİROV