Dünyanın 1 nömrəsinin mövsümdə ilk titulu

ESTAFET/ Dünən Dohada (Qətər) WTA-500 kateqoriyasından olan tennis turniri başa çatıb. Turnirin final qarşılaşmasında dünyanın 1 nömrəsi İqa Svyatek (Polşa) və dünya reytinqinin 4-cüsü olan Cessika Pequla (ABŞ) qarşılaşırdı.

Hər iki tennisçi bu yaxınlarda başa çatan Australian Open 2023-də uğursuz çıxış edərək turniri erkən (1/4 final mərhələsində) bitirmişdilər və bu yarışa hazırlaşmaq üçün kifayət qədər vaxtları olmuşdu. Svyatek Uimbildon 2022-nin qalibi Elena Rıbakinaya (Qazaxıstan), Pequla isə Australian Open-in ikiqat qalibi Viktoriya Azarenkaya (Belarus) məğlub olmuşdu. 

Svyatek finaladək cəmi iki görüş keçirmişdi. Buna səbəb isə, yüksək reytinqinə görə ilk mərhələdən azad olması və 1/4 finalda rəqibi Belinda Bençiçin yarışdan çəkilməsi olub. Hər iki görüşdə 1 nömrəyə xas olan yüksək ustalıq nümayiş etdirən İqa rəqiblərini korta çıxmağa peşman edib. İkinci mərhələdə amerikalı Daniel Kollinz, yarımfinalda isə rus Verinika Kudermetova eyni acı aqibəti yaşayıblar - 0:2 (0:6, 1:6)

Pequla isə finaladək Yelena Ostapenko (Latviya), Beatris Addad Maya (Braziliya) və Mariya Sakkaridən (Yunanıstan) üstün olmuşdu. 

Final qarşılaşmasının ilk setində Pequla müqavimət göstərməyə çalışdısa da (3:6), ikinci setdə 1 nömrədən 1 qeym belə götürə bilmədi - 0:6.

Müəllif: Natiq NƏSİROV