Formula 1 Azərbaycan Qran Prisi üçün üç tribunanın biletləri artıq tamamilə satılıb
ESTAFET/ Filarmoniya və Abşeron “B” sektoru tribunalarından sonra Sahil tribunası biletlərin hamısının satıldığı sayca üçüncü tribunadır.
28-30 aprel tarixlərində paytaxtımızın ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı sürətlə davam edir. Bununla da, Sahil tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi satılıb.
Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə isə Azərbaycan, Birləşmiş Krallıq və Niderland qərarlaşıb.
Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – İçərişəhər, Azneft, Muğam, Qız qalası, Xəzər, Bulvar tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.
Biletlərin sürətlə tükənməyini nəzərə alaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F1 azarkeşlərini vaxt itirmədən biletləri əldə etməyə çağırır. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:
- 28 Mall
- Gənclik Mall
- Heydər Əliyev Sarayı
- Kiosk 1 (Azərbaycan kinoteatrı)
- Kiosk 2 (Nizami küçəsi)
- ASAN 1
- ASAN 2
- ASAN 3
- ASAN 4
- ASAN Sumqayıt
Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.