Cüdoçularımız Yaponiyada təlim düşərgəsində iştirak edir
ESTAFET/ Azərbaycanın cüdo üzrə milli yığma komandası 20 fevraldan etibarən Yaponiyada Kokuşikan Universitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir. Təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-nə qədər davam edəcək.
Kişilərdən ibarət milli yığmanın komandasının baş məşqçisi Riçard Trautmanın sözlərinə görə sözü gedən təlim-məşq toplanışı may ayında Qatarda baş tutacaq Dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir. Həmçinin hazırlıq prosesi milli yığmanın idmançılarının bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır: “Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər.”
Qeyd edək ki, təlim-məşqdə Azərbaycan idmançıları ilə yanaşı İsrail, Gürcüstan, Almaniya və Yaponiya milli yığmalarınıb idmançıları da iştirak edir.
Təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Hidayət Heydərov, Nurlan Osmanov (-73 kq.), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (-81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq.) iştirak edirlər.
Cüdoçularımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.