Nikita Simonov ötənilki uğurunu təkrarlayıb

Idman gimnastları beynəlxalq turnirlər mövsümünə Dünya kuboku yarışları ilə start veriblər. Almaniyada keçirilən ilin ilk Dünya kubokunun ardınca dünya idman gimanstikasının ulduzları Qətərin paytaxtı Dohada bir araya gəliblər.

Fevralın 28-dən martın 4-dək keçirilən yarışda ölkəmizi yığma komandamızın üzvləri Nikita Simonov, İvan Tixonov, Samirə Qəhrəmanova, Nazənin Teymurova təmsil ediblər.

Halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vuran komandamızın üzvü Nikita Simonov həlledici mərhələdə ona bəslənilən ümidləri doğruldaraq 14.800 xalla bürünc medala sahib çıxıb.

Bununla idmançımız ötən il eyni şəhərdə keçirilən Dünya kubokundakı uğurunu təkrarlayıb.

İvan Tixonov turnikdə 9-cu, parallel qollarda 11-ci, dəstəli atda 26-cı nəticəni göstərib.

Bu ildən etibarən böyüklər arasında yarışlarda qüvvəsini sınayan Nazənin Teymurova budəfəki Dünya kubokunda nəticəsini daha da yaxşılaşdırıb. Belə ki, Almaniyada keçirilən Dünya kubokunda sərbəst hərəkətlərin icrasında 11-ci olan idmançımız Qətərdə 8-ci pillədə (12.066 xal) 8-ci olub qərarlaşıb.

O, dayaqlı tullanma üzrə hərəkətlərin icrasında 13-cü olub.

Müəllif: Bəhruz MƏMMƏDOV