Tuxel keçmiş köməkçisini yanına istəyir

ESTAFET/ "Bavariya"nın yeni baş məşqçisi Tomas Tuxel ötən şənbə Münhendəki təqdimatdan sonra şəxsi işlərilə əlaqədar Londonda olub. "Bild"in xəbərinə görə, səfərin əsas məqsədi Tuxelin keçmiş köməkçisi Entoni Barrini yanına gətirmək üçün danışıq aparması olub. 

Qeyd edək ki, Tuxel 2021-ci ildə Barri ilə birlikdə "Çelsi"yə Çempionlar Liqasını qazandırıb. Barri artıq keçidi ilə bağlı klubuna müraciət edib. Həmçinin almanların da ingilislərə müraciət etdiyi bildirilir. Lakin ingilislər keçidə görə kompensasiya tələıb etdiyinə görə, danışıqlar hələ davam etdirilir. 

Tuxel təqdimetmə mərasimində bu keçidlə bağlı belə demişdi: "Entoninin bizə qoşulacağına ümid edirik. Onun "Çelsi" ilə davam edən müqaviləsi var, lakin biz onun uğrunda mübarizə aparırıq. İnadkar olacağıq".

Barri öz işinin mütəxəssisi sayılır və bu sahədəki yüksək keyfiyyətini İrlandiya və Belçika yığmalarındakı işi ilə də sübut edib. Xatırladaq ki, Barri "Çelsi"dəki işindən başqa, eyni zamanda Portuqaliya yığmasının yeni baş məşqçisi Roberto Martinesin köməkçisidir. "Çelsi"nin baş məşqçisi Qrem Potter onun komandada qalmasını istəyir. 

Müəllif: Zaur HACIYEV