DÇ-nin seçmə mərhələ oyunları Bakıda

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək.

Bu barədə Ümumdünya Çimərlik Futbolu Təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarış iyulun 2-dən 9-na qədər davam edəcək. Seçmə mərhələnin təqvimi də bəllidir. Əvvəlcə 2-4 iyul aralığında reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qruplara bölünərək çıxış edəcəklər. 5-7 iyulda reytinqin ən güclü 12 komandasının qrup matçları olacaq. İyulun 8-də yarımfinal və pley-off, 9-da isə final və 3-16-cı yerlər uğrunda matçlar təşkil olunacaq.

Ümumilikdə seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Mundial 16-26 noyabr aralığında Dubay şəhərində təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV