"Avrokuboklarda oynayan komandaya gəlməmişəm": Ayxan Abbasov

ESTAFET/ “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 29-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

O, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Məni istefaya səsləyən azarkeşlər oyundan narazı qala bilərlər, haqlıdırlar. Amma bizim məqsədlərimiz var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbrli olmalıyıq. Bilmirəm, yəqin bizi üçlükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə kənardan asan görünür. Amma bizim üçün çox çətin oldu. Doqquz ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür olsun ki, bu problemi aşmışıq. Bu gün son pillələrdə olan dörd komandadan bir az rahatıq. Ötən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdur. Dar gündə kömək etməyə gəlmişik. Üç-dörd nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qorumaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, Premyer Liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər.

Klub daxilində heç bir problem yoxdur, rəhbərlik buradadır. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər. Bütün gün Tovuzdayıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdür, evdə "Şamaxı"nı udmalıydıq. Amma onların "Qarabağ"la, "Neftçi" ilə matçlarına baxın. Çempionatımız çətindir. "Səbail" dünən "Sabah"ı məğlub etdi. Azarkeş də inkişaf etməlidir. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orada istefa, burada istefa... Bunun axırı necə olacaq?

Bu gün rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunurdu. Belə olan halda fərdi göstəricilər ön plana çıxmalıdır. "Şamaxı" bizi düzgün analiz edib müdafiə olunurdu. Bu gün "Qarabağ"a qarşı hamı müdafiə olunur. Amma onlar heç vaxt bundan gileylənmir. Usta futbolçular rəqibin kompakt müdafiəsini yarırlar. Buna görə də onların qiyməti yüksəkdir.

Bu gün gənclərlə sonuncu pillədə olsaq, heç kim qəbul etməyəcək. Biz istəyirik ki, akademiyamız inkişaf etsin, tovuzlu futbolçular yetişsin. Futbolçunu oynadığı klublarının sayına görə dəyərləndirmək qeyri-peşəkarlıqdır. Afrikalı futbolçular tez-tez klub dəyilşməyi xoşlayır. Onlar Belçikada, İsraildə oynayıblar. "Qarabağ" 26 yaşlı futbolçu gətirir, 6-7 klub dəyişib. Runidən də desinlər də. Görün neçə klub dəyişib? Amma bu gün 12 qol vurub.

“İstefa" qışqıranlar nə istədiklərini özləri də bilmirlər. Baxımlı oyunla uduzanda narazı olurlar. Bizə bu gün Premyer Liqada qalmaq lazımdır. Sabah daha güclü olanda baxımlı oyuna da üstünlük verəcəyik. Mənim insanlara verdiyim söz var. Bu gün bizə xal hava-su kimi lazım idi. Ağır qrafikə giririk. Kubok, çempionat matçları var. İki cəbhədə vuruşmaq üçün geniş heyət olmalıdır. Belə çətin anda nəyisə fikirləşmək qeyri-peşəkarlıq olar. Klubda qərar verənlər var. Möhkəm olmalıyıq. Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcəyik. Stadionun yarısı komandanı dəstəkləyir. Onları unutmaq olmaz. Tovuzda təzyiq olmağı normaldır. Sadəcə, bu gün belə olmağı xoş deyildi”.

Müəllif: Bəhruz MƏMMƏDOV