Pilotlarının ilk mətbuat konfransı keçirilib - Formula 1
ESTAFET/ Paytaxtımızın yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi həftəsinin ilk mətbuat konfransı 28 aprel tarixində baş tutub.
Sayca 10 Formula 1 pilotunun iştirak etdiyi mətbuat konfransında Bakı yarışı öncəsi fikirlər səsləndirilib və təqvimdəki üç həftəyə yaxın fasilədən sonra bütün diqqətin Bakı yarışının üzərində olması xüsusilə vurğulanıb.
Bundan başqa, pilotlar mövsümün ilk Sprint yarışı barədə fikirlərini bölüşüblər. Sprint formatına edilən son yenilik – sıralanma turunun Bakı yarışına təsadüf etməsini müsbət qarşılayan pilotlar bu yeniliyin yarışa daha da həyəcan qatacağını qeyd ediblər.
“Düşünürəm ki, Sprint formatına edilən yenilik azarkeşlərə daha həyəcanlı bir təcrübə yaşadacaq. Yarışın asan olacağını düşünmürəm və müəyyən mənada təzyiq hiss edirəm. Lakin yenə də Bakı trekində baş verəcəkləri səbrsizliklə gözləyirəm,” - deyə Haas komandasının pilotu Kevin Maqnussen bildirib.
Yeni Sprint yarışı formatı barədə Mclaren komandasının pilotu Lando Norris də öz fikirlərini bölüşüb: “Bakıya texniki yeniliklərlə gəlmişik və ümid edirəm ki, bu həftəni yaxşı xallarla başa vuracağıq. Məncə Sprint yarışının yeni formatı daha yaxşı formatdır və yarış həftəsinə köklənib maksimum nəticəni əldə etməyə çalışacağıq.”
Yarış cədvəlində hazırda ikinci yerdə qararlaşmış Red Bull pilotu Serxio Peres qeyd edib ki, hazırda komandası liderlik etsə də, Bakıda daha ehtiyatlı olmaq lazımdır.
“Hazırda cədvələ liderlik etsək belə, fikrimcə arxayınlaşmamalıyıq. Bakı kimi şəhər yarışı həmişə pilotları çətin sınaq qarşısında qoyur. Bakıda pilotlar asanlıqla səhvlərə yol verə bilirlər. Mənim burada çox yaxşı yarış nəticələrim var və Bakı treki mənim pilot kimi üslubuma çox uyğundur.
Qeyd edək ki, qazandığı üç podium ilə Serxio Peres Azərbaycan Qran Prisin tarixində ən çox podiuma çıxmış pilotdur.
Yeddiqat dünya çempionu, Mersedes komandasının pilotu Luis Hamilton isə uzun fasilədən sonra trekə qayıtmaqdan məmnun olduğunu qeyd edib: “Məncə Bakıdakı yarış həftəsi ilin ən həyəcanlı həftəsi olacaq.”
Cümə günü sərbəst yürüşlə start götürən Bakı yarışında elə həmin gün də sıralanma turu keçiriləcək. 29 aprel şənbə günü isə sürətsevərlərin səbrsizliklə gözlədiyi Sprint yarışının təsnifatı və daha sonra isə Sprint yarışı keçiriləcək.
Yarış həftəsonunun əsas yarışı – Azərbaycan Qran Prisi isə 30 aprel, saat 15:00-da baş tutacaq.