Suqovuşanda Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq yarış keçiriləcək

ESTAFET/ Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. 

Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.

Yarışlardan bir gün öncə mayın 3-ü Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq. Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. “Prezident Kuboku-2023” beynəlxalq reqatası mayın 4-ü tarixi torpağımız Qarabağın ən gözəl güşələrindən Suqovuşanda start götürəcək. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Reqatanın bağlanış mərasimi mayın 7-si paytaxt Bakıda baş tutacaq. Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.

“Prezident Kuboku” reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə təşrif buyuracaq.

Müəllif: Bəhruz MƏMMƏDOV