GÜLƏŞÇİLƏR ÜÇÜN OLİMPİADA YOLUNDA SON ŞANS

ESTAFET/ 6-8 mayda Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçiriləcək.


Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə yunan-Roma və qadın güləşi üzrə yığmamızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Yarışlarda finala yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək.


“Klassik”lərin yarışında Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşində isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) ölkəmizi təmsil edərək Rioya bilet almağa çalışacaqlar.


Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq.


Görüşlərin idarə edilməsində ölkəmizi I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.


Qeyd: Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.