Növbəti yoqa dərsi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində keçirilib
Beynəlxalq yoqa günü münasibəti ilə iyunun 10 –da Hindistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Yoqa İdman Klubunun və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində növbəti yoqa dərsi keçirilib.
Açıq hava məkanında keçirilən yoqa dərslərinin 3-cü mərhələsində sözügedən klubun və məktəbin üzvlərindən, eləcə də cəlb olunmuş həvəskarlardan ibarət ümumilikdə 150-yə yaxın şəxs iştirak edib.
Regionlarda yoqa dərslərinə start verilməsində əsas məqsəd yerli sakinlər arasında sağlam həyat tərzi devizinin gündəlik məişət həyatında geniş tətbiqinə nail olmaqdır.
Hatha yoqa praktikası ilə başlayan tədbir musiqili proqram ilə davam etdirilib. Sonda iştirakçılara vegetarian yeməklər təqdim edilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.