IPC prezidenti Endrü Parsons və İlqar Rəhimov arasında görüş keçirilib

İyunun 19-u Almaniyanın paytaxtı Berlin şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, qurumun prezidentliyə namizədi İlqar Rəhimov arasında görüş keçirilib.

Görüş zamanı cari ilin iyun ayının 30-da Portuqaliyanın Fatima şəhərində IBSA-nın növbəti Baş Assambleya və orada baş tutacaq seçkilər ətrafında müzakirələr aparılıb. İlqar Rəhimov seçkilərdə IBSA-nın prezidentliyinə öz namizədliyinin irəli sürülməsi, eyni zamanda hazırladığı islahatlar paketi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, islahatlar IBSA-nın fəaliyyətinin daha da genişləndirilməsi, şəffaflığın təmin olunması, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi ilə bağlı işlərin aparılması və digər istiqamətlərdə də nailiyyətlərin əldə edilməsi üçün önəmlidir. Eyni zamanda İ.Rəhimov görmə məhdudiyyəti olan idmançıların Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirakı barədə də öz fikirlərini bildirib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons İlqar Rəhimovun IBSA-da dayanıqlı inkişafı təmin etmək məqsədilə qurumda müxtəlif istiqamətlərdə bir sıra dəyişikliklər və yeniliklərin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək ona qarşıdan gələn seçkilərdə uğurlar arzu edib.

Tərəflər arasında dünyada görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, xüsusilə Cənubi Amerika, Asiya və Afrika ölkələrində bu istiqamətlərdə işlərin aparılmasının vacibliyi qeyd olunub. E.Parsons bu istiqamətdə IPC-nın IBSA-ya lazım olacaq dəstəyi göstərəcəyini İ.Rəhimovun diqqətinə çatdırıb.

IPC prezidenti E.Parsons İlqar Rəhimova Azərbaycanda paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərə görə  öz təşəkkürünü bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV