Şəhidi Əmrah Hüseynlinin xatirəsinə həsr olunmuş ağır atletika üzrə UGİM-nin açıq birinciliyi keçirilib

İyun ayının 25-də Cəlilabad şəhərindəki Ağır Atletika İdman Zalında Vətən Müharibəsi Şəhidi Əmrah Hüseynlinin xatirəsinə həsr olunmuş ağır atletika üzrə yeniyetmələr arasında UGİM-nin açıq birinciliyi keçirilib. Yarışa qonaq qismində şəhər İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, yerli idman idarə və təşkilatlarının rəhbərləri, federasiya nümayəndəsi, qazilər, şəhidin ailə üzvləri və digər şəxslər dəvət olunmuşdu. Rəsmi açılış mərasimində çıxışlar zamanı şəhidlərin xatirəsinin yad olunması alqışlanıb, bu cür turnirlərin keçirilməsinin gələcək nəslin sağlam ruh və döyüşkənliklə yetişdirilməsində böyük rol oynadığı vurğulanıb. Şəhərdə son zamanlar digər idman növləriylə yanaşı ağır atletikanın da inkişaf etdiyi, böyük perspektiv vəd edən idmançıların yetişdiyi qeyd olunub.

Yarışda Cəlilabad, Masallı və Lənkərandan olan 40-a yaxın gənc idmançı iştirak edib. Maraqlı mübarizə şəraitində keçən turnirdə qaliblər müəyyən edilib, mükafatçılara diplom, medal və kuboklar təqdim edilib. Mansur Ağayev (30 kq), Ramal Ağayev (34 kq), Zəfər Hüseynli (38 kq), Elmar Əhədli (42 kq), Mirməhəmməd Hüseynli (46 kq), Mirəli Qubadov (50 kq), Əli Əliyev (55 kq), Samir Rzayev (67 kq) və Fərid Bağırlı (73 kq) öz çəki dərəcələrində qızıl medala sahib çıxıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV