Avarçəkmə üzrə Paris 2024 üçün bütün Təsnifat mərhələləri elan olunub

ESTAFET/ Ümumdünya Avarçəkmə Federasiyası (World Rowing) 2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunları üçün qitə, Yekun Olimpiya və Paralimpiya Təsnifat Reqatalarının keçiriləcəyi yerləri elan edib.

14 Olimpiya və 5 Paralimpiya qayıq sinfinin hər biri üçün kvota üç mərhələyə bölünüb. İlk mərhələ Serbiyanın paytaxtı Belqradda 2023-cü ildə avarçəkmə üzrə Dünya Çempionatı, ardınca Qitə Təsnifat Reqataları, daha sonra 2024-cü ildə baş tutacaq Final Olimpiya və Paralimpiya Təsnifat Reqatası olacaq.

Qitə Təsnifat Reqataları cəmi 80 idmançıya (Olimpiya Oyunları üçün 64, Paralimpiya Oyunları üçün 16) 4 yarışda iştirak etmək imkanı verir: Asiya/Okeaniya, Afrika, Amerika və Avropa. Prinsipcə, yarışlar müvafiq qitədən olan bütün MOK-lar üçün açıq olsalar da, kimin vəsiqə qazana biləcəyinə dair məhdudiyyətlər var.

  • Asiya/Okeaniya Qitə Təsnifat reqatası 2024-cü ilin aprelində Koreyanın Chungju şəhərində keçiriləcək.
  • Amerika Qitə Təsnifat reqatası 14-17 mart 2024-cü il tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.
  • Avropa Qitə Təsnifat Reqatası 25-28 aprel 2024-cü il tarixlərində Macarıstanın Seqed şəhərində keçiriləcək (Avarçəkmə üzrə 2024-cü il Avropa Çempionatı).
  • Afrika Qitə Təsnifat reqatası 2023-cü ilin oktyabrında keçiriləcək (Məkan sonrakı mərhələdə elan ediləcək).

Final Olimpiya və Paralimpiya Təsnifat Reqatası 19-21 May 2024-cü il tarixlərində İsveçrənin Luzern şəhərində keçiriləcək və bu, 112 idmançı üçün son şans olacaq (Olimpiada üçün 96, Paralimpiya Oyunları üçün 16).

Təsnifat reqatalarının hər birindən sonra Ümumdünya Avarçəkmə Federasiyası nəticələrə əsasən müvafiq MOK-lara kvota yeri əldə etdiklərini təsdiq edəcək. Bundan sonra, MOK-lar 14 gün ərzində ixtisaslı qayıqları qəbul edəcəklərini bildirməlidir. Əks halda vəsiqə reqatada növbəti ən yüksək yer tutan uyğun qayığa keçəcək.

Müəllif: Natiq NƏSİROV