Cüdoçular Benidormda təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları 3-7 iyulda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən cüdo üzrə Olimpiya təlim düşərgəsində iştirak edir.

Hazırlıq prosesində gənclərdən, qadınlardan və böyüklərdən ibarət milli yığmanın idmançıları iştirak edir. Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirinə, sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV