Adil Əliyev: "Yaponiyada himnimizin səslənməsi, bayrağımızın yüksəldilməsi hər bir azərbaycanlı üçün qürurdur"

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Yaponiyanın paytaxtı Tokioda iyulun 30-da keçirilmiş qaydasız döyüş üzrə “Super Rizin 2”  turnirində iştirak edən idmançılarımıza dəstək olmaq məqsədilə yarışları yaxından izləyib.

Tokio şəhərinin Saitamo Super Arena idman kompleksində keçirilən turnirin açılışında çıxış edən vitse-spiker Adil Əliyev Azərbaycanda idmançılara dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan, bunun sayəsində bədən tərbiyəsi və idmanın ölkəmizdə kütləviləşməsindən, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsindən danışıb. O, Azərbaycanın dünyanın idman ölkələrindən biri, nüfuzlu beynəlxalq yarışların təşkilatçısı kimi tanındığını və idmanın Azərbaycanın brendinə çevrildiyini bildirib.

Turnirdə həmyerlilərimiz, MMA ustaları Tofiq Musayev və Vüqar Kərəmov rəqiblərini məğlub edərək inamlı qələbələr qazanıblar və Azərbaycanın bayrağını uzaq Tokioda yüksəldiblər.

İdmançılarımızın uğurunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü effektli, uğurlu idman və gənclər siyasətinin növbəti bəhrələri kimi dəyərləndirən  Adil Əliyev dövlətimiz tərəfindən  idmançılara göstərilən hərtərəfli diqqət və qayğının onlara mənəvi ruh və güc verdiyini vurğulayıb.

Vitse-spiker idmançılarımızın qalibiyyətinin, uzaq Yaponiyada himnimizin səslənməsinin və bayrağımızın yüksəldilməsinin hər bir azərbaycanlını qürurlandırdığını bildirib, bu qüruru bizə yaşadan idmançılarımıza minnətdarlığını ifadə edib.

Adil Əliyev idmançılarımızın böyük zəhmət çəkərək yarışlara əzmlə hazırlaşdıqlarını, fiziki və texniki hazırlıqlarını yüksək səviyyədə saxladıqlarını qeyd edib, bu işdə idmançılarla bərabər məşqçilərin də üzərinə böyük iş düşdüyünü bildirib. O, ölkəmizi ən layiqli şəkildə təmsil etməyin hər birimizin borcu olduğunu  vurğulayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV