BOKSÇULAR DÇ HAZIRLIQLARINA BAŞLADILAR

ESTAFET/ Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Federasiyanın mətbuat xidmətinin məlumata görə, Avropa çempionatından sonra istirahətdə olan komanda üzvləri Bakıda bir araya gəlib.

 

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq Dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

 

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib. Dünya çempionatında iştirak hüququna Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yiyələnib.