Bakıda “Paris-2024” olimpiya oyunlarına son lisenziyalar oynanılıb

Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatında olimpiya növləri üzrə son yarışlar keçirilib.

Stend atıcılığının səngər növündə qadın medalçıların adlarına aydınlıq gəlib.

Final mərhələsini izləyənlər maraqlı idman mübarizəsinə tamaşa edib.

Qızıl medal uğrunda yarışda Çin Taypeyi təmsil edən Lin Yi Çun “London-2012” Olimpiadasının qalibi Jessika Rossini 40:39 hesabı ilə üstələyib.

Bürünc medala isə 28 dəqiq atışla Almaniyanı təmsil edən Ketrin Murçe sahib olub .

Yekunda Çin Taypey, Almaniya, Çin və Hindistan atletləri ölkələri üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.

Yarış başa çatandan sonra Lin Yi Çun final təəssüratlarını bölüşüb:

“Bu, səngər növündə ilk qızıl medalımdır. Hədsiz sevincliyəm. Atıcılıq mənim həyatımdır. 16 yaşımdan bu idman növü ilə məşğulam. Artıq 26 ildir atəş açıram. Mən bununla nəfəs alıram, mənim həyat fəlsəfəmdir.

Finaldakı rəqibim Jessika Rossi çox güclü idmançıdır, Londonda keçirilən olimpiadada qızıl medal qazanıb. Ümid edirəm ki, bir gün mən də bu uğura imza atacağam. Jessika mənim idealımdır.

Aldığım qızıl medal məni təəccübləndirmədi. Hələ də özümü gənc hesab edirəm, qocalmamışam”.

Müəllif: Bəhruz MƏMMƏDOV