Dünya çempionatının mükafatçısı: "Növbəti yarışlarda qızıl medal qazanmaq istəyirəm"

"Növbəti yarışlara da yaxşı hazırlaşıb qızıl medal qazanmaq istəyirəm".
Bu sözləri Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov deyib.
73 kq çəki dərəcəsində çıxış edən idmançı italiyalı Lusio Tavolettaya uduzduğu 1/4 final görüşünün çətin alındığını bildirib: "Texniki səhvə görə məğlub oldum. Bunları aradan qaldırmağa çalışacağam. Amma əlimdən gələni etdim və medalsız qalmadım".
Şükürov özünə çox inandığını söyləyib: "Yığmanın baş məşqçisi Rüstəm Alimliyə, məşqçilər Nicat Şıxəlizadəyə və Emin İskəndərova, həmçinin şəxsi məşqçim Fərid Atakişiyevə təşəkkür edirəm. Onların üzərimdə əziyyətləri böyükdür".
Cüdoçu bundan sonra gənclər yığmasında mübarizə aparacağını, burada Avropa və dünya çempionu olmaq istədiyini sözlərinə əlavə edib.
