“Bakıda məğlub ola bilərik”: Ralf Ranqnik
ESTAFET/ Futbol üzrə Avstriya yığma komandasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.
Almaniyalı mütəxəssis oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib:
“İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq. Bakıdakı görüşdə həm qalib gələ, həm də məğlub ola bilərik”.
O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: “Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.