Avropa Atıcılıq Konfederasiyasının prezidenti: İdmançılar Bakıya gəlməyi çox sevirlər

“Assambleyada 40-dan çox ölkənin nümayəndəsi bir araya gəlib. Biz bəzi gündəlik məsələləri, eləcə də 2026-cı və 2027-ci il Avropa çempionatlarının keçiriləcəyi ölkələrin seçimini müzakirə edəcəyik”.

Bu sözləri Avropa Atıcılıq Konfederasiyasının prezidenti Aleksandr Ratner rəhbəri olduğu qurumun Bakıda keçirilən 29-cu Baş Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Funksioner tədbirin təşkili üçün yaxşı şərait yaratdığına görə Azərbaycan Atıcılıq Federasiyasına minnətdarlığını bildirib: “Salon, qəbul, görüşlər, yolasalma, mehmanxana – bütün bunlar ən yüksək səviyyədədir. Bundan daha yaxşısını təsəvvür etmək belə, çətindir. Ümid edirəm ki, Baş Assambleyanın nəticələri müsbət olacaq və hamı Bakını mütləq buraya qayıtmaq arzusu ilə tərk edəcək”.

Aleksandr Ratner Azərbaycan Atıcılıq Federasiyası ilə Bakıda Avropa yarışlarının keçirilməsi imkanını müzakirə edəcəklərini söyləyib: “Lakin, yəqin ki, bu, 2024-cü ildə olmayacaq. Çünki təqvim artıq formalaşdırılıb. Gələn il Olimpiya Oyunları və digər tədbirlər keçiriləcək. Planlarımızı 2025, 2026-cı ildən başlayaraq həyata keçirə bilərik. Hər halda biz burada həm Avropa çempionatını, həm də Avropa Oyunlarını keçirmişik, atıcılıq kompleksini yaxşı tanıyırıq. Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi hər zaman bizim təşəbbüsləri dəstəkləyib. Şərait, məqsədəuyğunluq və imkanlardan asılı olaraq vəziyyətə baxacağıq. Azərbaycan Atıcılıq Federasiyası ilə birgə hansısa tədbir keçirmək istəyimiz olsa, biz bunu mütləq edəcəyik. İdmançılar Bakıya gəlməyi çox sevir, Bakı Atıcılıq Mərkəzini xoşlayır və burada hər zaman çox yüksək nəticələr göstərirlər”.

(azertag)

Müəllif: Bəhruz MƏMMƏDOV