AKAF-ın baş katibi: "Biz ənənəni davam etdiririk"

“İkinci dəfədir ki, “Mingəçevir Reqatası”nı təşkil edirik. Bildiyiniz kimi, bu, ənənəvi turnirdir və 50 ilə yaxın müntəzəm keçirilib. Biz də bu ənənəni davam etdiririk və bundan sonra hər il keçirəcəyik”.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında bu və digər mövzular haqda da danışıb.

O, ötən gün baş tutan yarışlarda idmançılarımızın dörd medal qazandığını xatırladıb və bunun davamını bu gün də gözlədiklərini bildirib:

“Artıq bir idmançımız kanoe qayığında medal əldə etdi. İnanırıq ki, günün sonuna qədər medallarımızın sayı artacaq”.

Baş katib “Mingəçevir Reqatası”nı təşkil etməkdə əsas məqsədin yeniyetmələrin inkişafına kömək olduğunu vurğulayıb:

“Ötən il idmançılarımız elə çox nəticə verməsələr də, perspektiv vəd edənlər artıq budəfəki yarışda uğurlu çıxış edirlər. Onlar ölkə xaricindəki turnirlərdə də Azərbaycanı təmsil edirlər və gözlənilən nəticəni qazanırlar. İstədiyimizi görə bilirik”.

Xatırladaq ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri oktyabrın 27-də başa çatacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Müəllif: Bəhruz MƏMMƏDOV