Azərbaycan və Türkiyə federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

“May ayında Mingəçevirdə “Prezident kuboku”nda iştirak etmişdik. Yenidən burda olmaqdan məmnunuq”.

“Mingəçevir reqatası” haqda danışan Türkiyə Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Alper Cavit Kabakçı bir sıra vacib məqamlara da toxunub.

O ildən-ilə yarışa olan marağın artdığını bildirib: "Hər il yarışın səviyyəsi daha da artır, iştirakçı sayı çoxalır. Burda hər zaman qardaşlarımızla olmaqdan qürur duyuruq. Azərbaycan millisi iyulda Türkiyədəki yarışda iştirak etmişdi”.

Prezident qeyd edib ki, oktyabrın 27-də Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq: “Sabah gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ortaq bir əməkdaşlıq müqaviləsi imzalayacağıq. Önümüzdəki illərdə iki ölkənin kanoe və avarçəkmə fəaliyyətlərində işbirliyini daha da artıracağıq. Bizi qonaq etdikləri üçün təşkilatçılara təşəkkür edirəm. Yarışda iştirak edən bütün ölkələrə uğurlar arzu edirəm”.

Xatırladaq ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turniri oktyabrın 27-də başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV