4 nömrəli İOEUGİŞMPHŞ-da "Zəfər Günü" şahmat turniri keçirildi

ESTAFET/ “Təhsil” Respublika İdman Mərkəzi PHŞ-nin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 24-29 oktyabr 2023-cü il tarixində 8 Noyabr Zəfər Gününə həsr olunmuş 16 yaşadək uşaqlar arasında  şahmat turniri keçirilib.

Turnirə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə start verilib.

Yarışın keçirilməsi 44 günlük vətən müharibəsində Ali Baş Komandan, Ölkə Başçımız İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun qazandığı parlaq qələbəmizin, Zəfər bayramımızın təntənəli qeyd olunması, ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman hərbçilərimizin xatirələrinin yad olunması, uşaqların, yeniyetmələrin, gənclərin vətənpərvər ruhda böyümələri məqsədi  daşıyır.

Turnir məktəbin Nəsimi rayonunda yerləşən əsas binasında və Binəqədi rayonunda yerləşən 244 nömrəli məktəbdə keçirilib.

3 qrupda  İsveçrə sistemi üzrə 9 turdan ibarət kecirilən turnirdə ümumilikdə 160 nəfər şahmatçı iştirak edib.

Yarışda 1,2,3-cü yerləri tutan və nəticələri ilə fərqlənən şahmatçılar diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV