İsmayıllıda Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib

Noyabrın 9-da İsmayıllı rayonunun Basqal kəndində Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib. Tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.
Çıxışlar zamanı nazirlər Azərbaycanı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər. Çıxışlar zamanı nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.
Nazirlərin görüşündən bir gün öncə isə Türk Dövlətləri Təşkilatının gənclər və idman işçi qrupunun VII iclası keçirilib. İclasın əsas məqsədi gənclər və idman sahəsində yeni təşəbbüslərin növbəti mərhələlərini müzakirə etmək olub. Türk Dövlətləri Təşkilatının Gənclik Gündəliyinin əsas hədəfləri və iclasın gündəliyi müzakirə olunub.
İclas iştirakçıları Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin final görüşlərini izləyib, qaliblərin mükafatlandırılma mərasimində də iştirak ediblər.
